SSRİ-nin dağılması turizmlə bağlı planın tətbiqinə imkan vermədi - ekspert


“Heydər Əliyevin genişmiqyaslı idarəetmə fəaliyyətində dövlətin üst qatının qarşıya qoyduğu vəzifələrlə yanaşı, respublikamızdakı turizm işini inkişaf etdirmək məsələsi vacib sahə olduğundan 1982-ci ilin sonunda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra bu istiqamətdə fəaliyyətini daha da genişləndirdi. Belə ki, 1983-cü ilin aprelində H.Əliyevin təşəbbüsü və iştirakı ilə SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-in Xəzər dənizi sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərar Azərbaycanda turizm sahəsində yeni bir mərhələnin başlamasından xəbər verirdi”.


Bu sözləri AFN.az-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Yasir Hacıyev deyib. Onun sözlərinə görə, 1984-cü ilin oktyabrında Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən “Azərbaycan Respublikasında 1985-1990-cı illər və 2000-ci ilə qədər turizmin inkişaf sxemi” qəbul edilib: “Həmin sənədə əsasən 1990-cı ilə qədər Azərbaycanda 7700, 2000-ci ilə qədər isə 21300 çarpayı yeri olacaq müxtəlif turizm obyektlərinin tikilib istifadəyə verilməsi qərara alınmışdı. İlk mərhələdə tikilməsi nəzərdə tutulan turizm müəssisələrinin 70%-i (5300 turist yeri) birbaşa Xəzər sahillərində, 30%-i isə Azərbaycanın digər bölgələrində hazırlanmalı idi. Əgər həmin “sxem” üzrə olan planlar tam yerinə yetirilsəydi, sözsüz ki, Azərbaycan müasir dünyanın ən məşhur turizm məkanlarından birinə çevrilərdi. Lakin SSRİ-nin o vaxtkı rəhbərliyinin H.Əliyevin təşkilatçılıq bacarığına və işgüzar fəaliyyətinə qısqanclıqla yanaşması, onun vəzifədən kənarlaşdırılması, dövlətin idarəedilməsində buraxılan nöqsanlar və onun dağılması bir çox işlər kimi turizmlə bağlı bu planın da tətbiqinə imkan vermədi”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu