Bunlar təbiətin estetik möcüzəsi olan ən gözəl ilan növləridir
Alimlər yeni ilan ailəsini təsnif ediblər. Yalnız 3 növü məlum olan bu ilanlar Micrelapidae ailəsinə aiddir. Biri İsraildə, ikisi isə Şərqi Afrikada yaşayır. Bunu Keniyada da görmək olar. Bu növ gözəlliyi ilə diqqəti cəlb edir.
AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, elm adamları bu sürünənlərin 50 milyon il əvvəl ilan təkamül ağacından çıxdığını və müstəqil bir ailəyə çevrildiyini düşünürlər. Onların mənşəyinin Afrika olduğu və buradan mühacirət yolu ilə başqa ölkələrə köç etdiyi təxmin edilir. Onlar əvvəllər ən böyük Colubridae ilan ailəsinin bir hissəsi hesab olunurdular. Ancaq son illərdə inkişaf edən texnologiya ilə aparılan DNT testləri bunun əksini göstərdi.
Bəs bu ilanların xüsusiyyətləri nələrdir, zəhərlidirlərmi?
Bu ilanların nazik, silindrik bədənləri, müntəzəm cərgələrdə hamar pulcuqları və qısa uclu quyruğu var. Adətən qara və sarı halqaları olan bu ilanların başları da kiçik olur. Onların ölçüsü növündən asılı olaraq 15 ilə 60 santimetr arasında dəyişir.
Tel-Əviv Universitetinin Zoologiya fakültəsinin professoru Şai Meiri ilanlar haqda danışarkən bildirib: "Bu gün biz bütün heyvan qruplarının məlum olduğunu fərz etməyə meylli oluruq, lakin bəzən yenə də sürprizlərlə qarşılaşırıq. Micrelapidae ilanları ilə də belə oldu. Araşdırmalar göstərdi ki, bu ilan növü üçün molekulyar məlumatlar unikaldır, yəni onlar unikal ailəyə aiddir".
Estetik baxımdan çox gözəl olan bu növün insanlar üçün əsasən zərərsiz olduğu bildirilir. Ancaq bir çox mədəniyyətlərdə ilanlar pis və cadugərliklə əlaqəli olduqları üçün tez-tez öldürülür. Bununla belə, ilanlar gəmirici populyasiyalarına və zərərvericilərə qarşı mübarizədə, qida zəncirinin saxlanmasında və ekosistem tarazlığının qorunmasında mühüm rol oynayır. Digər tərəfdən, Micrelapidae ilanları da digər heyvanlar üçün yem olur. Yırtıcı quşlar və digər ilanlar belə ilanları ovlayır.
Yeni ilan sinfinin tədqiqi "Molecular Phylogenetics and Evolution" akademik jurnalında dərc olunub.