Çinin xüsusi nümayəndəsi Ukrayna, Rusiya, Almaniya, Polşa və Fransaya səfər edəcək


Çinin xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranının həlli ilə bağlı məsləhətləşmələrdə iştirak etmək üçün mayın 15-də Rusiya, Almaniya, Polşa, Ukrayna və Fransaya səfər edəcək.


AFN.az xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

"Mayın 15-də Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Hui Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edəcək və bu tərəflərin hər biri ilə Ukrayna böhranının siyasi həllini müzakirə edəcək", - o, brifinqdə deyib.

Çin diplomatı qeyd edib ki, Pekin Ukraynadakı vəziyyəti daim diqqətlə izləyir və bu ölkədə böhranın sülh yolu ilə həlli prosesində fəal iştirak etməyə çalışır. O, xatırladıb ki, Çin Ukrayna münaqişəsi ilə bağlı Çinin sədri Si Cinpinin irəli sürdüyü dörd prinsipə (suverenliyə hörmət, BMT Nizamnaməsinə hörmət, tərəflərin hər birinin narahatlığını nəzərə almaq və münaqişənin həlli üçün dinc üsullardan istifadə etməklə) əməl etmək niyyətindədir.

Vanq Venbin həmçinin xatırladıb ki, fevralda Çin Ukraynadakı münaqişənin həlli ilə bağlı konseptual sənəd dərc edib. O, vurğulayıb ki, Li Huinin qarşıdan gələn səfəri "ÇXR-in sülh danışıqlarına kömək etmək istəyini təsdiqləyir". "Çin qətiyyətlə sülhün tərəfindədir, biz bundan sonra da konstruktiv rol oynamağa, Ukrayna böhranının siyasi həllinə öz töhfəmizi verməyə hazırıq", - Vanq Venbin bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski ilə bu yaxınlarda telefon danışığı zamanı Si Cinpinq bildirib ki, Çin böhranı həll etmək üçün Ukraynaya xüsusi elçi göndərəcək.

Qeyd edək ki, Li Hui 2008-2009-cu illərdə Çin Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb. O, 2009-2019-cu illərdə Çinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu