Ukrayna taxılı boşaldılmadan Polşa vasitəsilə ixrac ediləcək
Ukrayna taxılı Polşa vasitəsilə ölkə ərazisinə boşaldılmadan üçüncü ölkələrə daşınacaq.
AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Polşa hökumətinin spikeri Pyotr Müller keçirdiyi mətbuat konfransında deyib. Yaxın gələcəkdə Polşa ərzaq bazarında Ukrayna taxılının ixracı ilə bağlı vəziyyəti sabitləşdirəcək yeni mexanizmlər hazırlayacaq. "Biz çalışırıq ki, bu ixrac malları Polşaya boşaltmadan birbaşa üçüncü ölkələrə getsin", - deyə Müller qeyd edib.
Son aylarda polşalı fermerlər öz ölkələrindən tranzitlə üçüncü ölkələrə keçməli olan Ukrayna taxılının Polşa bazarına əhəmiyyətli axınına qarşı fəal şəkildə etiraz edirlər.
Polşa bazarda vəziyyəti sabitləşdirmək üçün Ukrayna taxılının axınını məhdudlaşdıracaq qaydalar tətbiq edəcək.