"Amnesty İnternational": 2022-ci il son beş ildə dünyada ən çox edamlar qeydə alınan dövrdür
Beynəlxalq "Amnesty İnternational" Təşkilatının məlumatına görə, 2022-ci ildə 20 ölkədə ümumilikdə 883 nəfər edam edilib ki, bu da əvvəlki illə müqayisədə 53% artım deməkdir.
"Amnesty İnternational"ın illik sorğusuna əsasən, 2022-ci ildə qlobal miqyasda qeydə alınan edamların sayı son beş il üzrə ən yüksək göstəricidir. Təşkilat hesab edir ki, bunun əsas səbəbi Yaxın Şərqin bir sıra dövlətlərinin ölüm cəzasından tez-tez istifadə etməyə başlamasıdır.
Ölüm hökmlərinin 90%-i İran, Səudiyyə Ərəbistanı və Misirin payına düşür.
Statistikaya hər il minlərlə insanın edam edildiyi güman edilən Çin daxil deyil. Bununla belə, Çində edamlarla bağlı məlumatlar məxfi xarakter daşıyır ki, bu da hüquq müdafiəçilərinə ölkədəki ölüm hökmlərinin sayını dəqiq qiymətləndirməyə imkan vermir.
"Amnesty İnternational" həmçinin Şimali Koreya, Vyetnam, Suriya və Əfqanıstanda ölüm hökmlərinin icra edildiyini təsdiqləyə bilib. Lakin toplanmış məlumatlar bu dövlətlərdə edamlar üçün etibarlı minimum rəqəmləri təmin etmək üçün kifayət hesab edilməyib.
Təşkilatın hesabatına görə, edamların sayı əsasən İran və Səudiyyə Ərəbistanı hesabına artıb.
Hesabatda deyilir ki, İranda 576 nəfər edam edilib ki, bu da 2021-ci ildəki 314 nəfərdən çoxdur. 279 nəfər adam öldürmə, 255 nəfər narkotiklə bağlı cinayət, 21 nəfər zorlama, 18 nəfər isə "Allaha düşmənçilik" ittihamı ilə ölüm cəzasına məhkum edilib. Daha üç nəfər isə naməlum cinayətlərə görə edam olunub.
"Allaha qarşı düşmənçilik" ittihamı ilə edam edilənlər kateqoriyasına sentyabr ayında İslam Respublikasında baş vermiş hökumət əleyhinə etiraz aksiyaları ilə bağlı saxlanılan iki nəfər də daxildir. BMT eksperti onların məhkəmələrini "işgəncə iddiaları ilə ləkələnmiş özbaşına, qısa və uydurma məhkəmələr" adlandırıb.
Səudiyyə Ərəbistanında edamların sayı 2021-ci ildəki 65-dən 2022-ci ildə 196-ya qədər üç dəfə artaraq "Amnesty İnternational" heyəti tərəfindən son 30 ildə ölkədə qeydə alınan ən yüksək rəqəm kimi vurğulanıb. Sənəddə bildirilir ki, onlardan 85-i terrorizmlə, 57-si isə narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunduqdan sonra edam edilib. Narkotiklərlə bağlı cinayətlərə görə edamlar, 2020-ci ildən bəri qüvvədə olduğu bildirilən moratoriumun sona çatdığını göstərir.
2022-ci ilin mart ayının bir günündə Səudiyyə Ərəbistanı hakimiyyəti eyni vaxtda 81 nəfəri edam edib. Onlardan ən azı 41-i şiə azlığının üzvləridir, o cümlədən ikisi hökumət əleyhinə nümayişlərdə iştirakla bağlı cinayətlərə görə məhkum olunub.