BƏƏ pasportu dünyada ən güclü pasportlardan sayılır


Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında viza rejimi ləğv edilib. Bugünlərdə Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında layihə təsdiq edilib. Dəyişikliyə əsasən ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.

Qeyd edək ki, hələlik qəbul olunan qanunlar hər iki ölkədə təsdiqlənərək qüvvəyə minməlidir. Buna qədər isə vizalı rejim qüvvəsindədir.

Bəs bu dəyişiklik Azərbaycana gələn turist sayına nə qədər təsir göstərə biləcək?



Əsasən Körfəz ölkələrinə, o cümlədən də Birləşmiş Ərərb Əmirliyinə turis səfərləri təşkil edən “Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayev AFN.az-a açıqlamasında bildirib ki, BƏƏ pasportu dünyada ən güclü pasportlardan sayılır. Çünki hazırda bu ölkənin vətəndaşları 133 ölkəyə vizasız rejimlə səfər edə bilirlər: “Onların arasında bizimlə qonşu olan ölkələr də var. 35 ölkəyə vizanı hava limanında alırlar. Bu ölkələrin sırasına Azərbaycan da daxildir. Bizim ölkəyə gəlmək üçün viza 30 dollardır. BƏƏ-yə cəmi 35 ölkə viza tətbiq edir. Ümumiyyətlə, 6 Körfəz ölkəsindən hazırda yalnız Qatarla vizasız səfərlər həyata keçiririk. BƏƏ ilə də bu qərar qüvvəyə minərsə, qarşılıqlı səfər edənlərin sayı artacaq. Düşünürəm ki, əsasən bu ölkədən gələnlərin sayına təsir edəcək bu qərar. Çünki BƏƏ vətəndaşları üçün 30 dollar elə də böyük məbləğ deyil. Bizim hədəfimiz də elə buna nail olmaqdır. Hazırda 4 hava yolu şirkəti bu ölkənin 3 şəhərindən Azərbaycana uçuşlar həyata keçirir. “WİZZ AİR” Abu Dabidən, AZAL və “Flay Dubay” Dubaydan, “AİR Arabia” isə Şarja şəhərindən Bakı hava limanına müntəzəm reyslər həyata keçirir”.
Şirkət rəhbəri deyir ki, Birləşmiş Ərərb Əmirliyi vətəndaşları 1,5 milyon civarındadır, orada 8 milyondan artıq oturma və işləmə izni olan əcnəbi yaşayır, bizim hədəf bazarımız təkcə 2 milyon yox, ümumilikdə 10 milyon olmalıdır: “Çünki o əcnəbilər də Azərbaycana gəlmək istəyirlər. Amma əvvəllər BƏƏ də daxil olmaqla, bütün Körfəz ölkələrindən olan əcnəbilər Azərbaycana 30 dollara hava limanında viza alıb gələ bilirdilər. Lakin son zamanlar tətbiq edilən dəyişikliyə əsasən, yalnız BƏƏ-də oturumu olan insanlar Azərbaycana səfər edə bilir. Digər 5 Körfəz ölkəsindən isə yalnız yerli vətəndaşla birlikdə gələrsə, viza ala bilir. Bu qayda olmasa, bu ölkələrdə yaşayan əcnəbilər də öz ailəsini götürüb rahat şəkildə ölkəmizə səfər edə bilər. Hesab edirəm ki, Birləşmiş Ərəb Əmirliklərinə tətbiq edilən bu qayda digər 5 Körfəz ölkəsi olan Səudiyyəyə, Küveytə, Qatara, Omana, Bəhreynə də tətbiq olunarsa, ölkəmizə daha çox turist gələr”.
Cəfər Qarayev Azərbaycanın turizm şirkəti olaraq BƏƏ-ni hədəf seçməyinin səbəbini də açıqladı. Onun sözlərinə görə, bu ölkəyə gündəlik 4 reysin həyata keçirilməsi, hava limanında viza rəsmiləşdirilməsi, Azərbaycanın füsunkar təbiəti, milli-mənəvi dəyərləri, həmçinin də ləziz təamları ərəbləri çox cəlb edir: “Üstəlik, uçuş saatı cəmi 2 saat 40 dəqiqədir. Bütün bunlar Azərbaycanı BƏƏ vətəndaşları üçün maraqlı və sevilən destinasiyaya çevirir. Biz çoxlu ərəblər tanıyırıq ki, ailələri ilə birlikdə Azərbaycana ildə 1-2 dəfə gəlirlər. Onlar əsasən Quba, Qusar, Qəbələ, Şəki kmi bölgələrimizə səfər edirlər”.
Həmsöhbətimiz qarşıdakı turizm mövsümündə truizmçiləri narahat edən bəzi problemlərdən də danışdı: “Artıq yay turizm mövsümünün astanasındayıq. Lakin onu da qeyd edim ki, hazırda mövcud karantin rejimi, xüsusilə quru sərhədlərin bağlı olması turist sayına mənfi təsir edir. Elə turistlər var ki, qonşu ölkələrə gəlib oradan da bizə gəlmək istəyirlər, yəni bir səfərdə iki ölkəni gəzmək istəyirlər. O insanları biz itiririk.
Ötən il Azərbaycana təxminən 41 min BƏƏ vətəndaşı səfər etmişdi. 2019-cu ildə bu rəqəm 68 min, 2018-də 94 min olub. Ən pik say 2017-ci ildə qeydə alınıb - 102 min nəfər. İnanıram ki, karantin qaydalarını ləğv etməklə biz bütün ölkələrdən, o cümlədən də ərəb ölkələrindən gələn turistlərin sayında yenidən yüksən rəqəmlərə nail olacağıq. Hesab edirəm ki, biz bunun üçün eyni zamanda yüksək xidmət təqdim etməliyik ki, buradan razı getsinlər”.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu