BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında ciddi artım olacaq - Cəfər Qarayev


İyulun 8-dən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında vizasız gediş-gəliş sistemi tətbiq olunmağa başlayıb.


Körfəz ölkələrinə, o cümlədən də Birləşmiş Ərəb Əmirliyinə turist səfərləri təşkil edən “Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayev yeni durumu AFN.az-a şərh edib. Onun sözlərinə görə, iki ay əvvəl Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilib. Dəyişikliyə əsasən ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qalmaq imkanı əldə ediblər.
Şirkət rəhbəri qeyd edib ki, BƏƏ ilə Azərbaycan arasında vizasız gediş-gəlişin tətbiq olunması hər iki ölkə arasında turist mübadiləsinə çox böyük töhfə verəcək: “İndiyədək Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərinə səfər edərkən bir aylıq turist vizasına 80-90 dollar civarında rüsum ödəyirdilər. Eləcə də BƏƏ vətəndaşları və orada oturum izni olan xarici vətəndaşlar Azərbaycana gələndə hava limanında 30 dollara viza alırdılar. Hazırda qüvvəyə minən qərara görə, bunlar qüvvədən düşür və vizasız rejim tətbiq olunur. Hər iki ölkənin vətəndaşları bir-birinə səfər edərkən 90 gün qalmaq imkanı əldə edirlər. Təbii ki, bu da qarşılıqlı turist sayına böyük təsir edəcək. Düşünürəm ki, ötən illərə nisbətən BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında ciddi artım olacaq. Məlumdur ki, hazırda 4 hava yolu şirkəti bu ölkənin 3 şəhərindən Azərbaycana uçuşlar həyata keçirir. “WİZZ AİR” Abu Dabidən, AZAL və “Flay Dubay” Dubaydan, “AİR Arabia” isə Şarja şəhərindən Bakı hava limanına hər hün müntəzəm reyslər həyata keçirir. Turistlərin sayı artanda uyğun olaraq uçuşların da sayı artacaq”.
Cəfər Qarayev bildirib ki, bu ölkəyə gündəlik 4 reysin həyata keçirilməsi, hava limanında viza rəsmiləşdirilməsi, Azərbaycanın füsunkar təbiəti, milli-mənəvi dəyərləri, həmçinin də ləziz təamları ərəbləri çox cəlb edir: “Üstəlik, uçuş saatı cəmi 2 saat 40 dəqiqədir. Bütün bunlar Azərbaycanı BƏƏ vətəndaşları üçün maraqlı və sevilən destinasiyaya çevirir. Biz çoxlu ərəblər tanıyırıq ki, ailələri ilə birlikdə Azərbaycana ildə 1-2 dəfə gəlirlər. Onlar əsasən Quba, Qusar, Qəbələ, Şəki kmi bölgələrimizə səfər edirlər”.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu