Gürcüstanda Ermənistandan narkotik keçirən İran vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi İran vətəndaşının qeyri-qanuni ölkəyə gətirmə, habelə xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə saxlanılması barədə məlumat yayıb.
Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları Poti limanında 80 kq-a qədər heroin müsadirə ediblər. Narkotiklər yük maşınının anbarında aşkar edilib.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla, Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya külli miqdarda narkotik vasitə keçirmək niyyətində olub. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib, həmin vaxt saxlanılıb”, - Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılan şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.