Rubl və lirə ucuzlaşdı - Manatı nə gözləyir?
Qonşu Rusiya və Türkiyə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı şərh edərkən bildirib ki, Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başlayıb.
Deputat deyib ki, hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır:
“Rubl da dəyərsizləşməkdə davam edir. Son bir ayda rubl dollara nisbətən 7.0 faizə yaxın dəyərsizləşib.
Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır:
Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır”.
Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə parlamentari qeyd edib ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.
“Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.