Sosial Xidmətlər Agentliyi şəhid qardaşına CAVAB VERDİ


Bir sosial şəbəkə istifadəçisinin yazdığı statusunda şəhid anasının sanator-kurort yollayışı üçün guya süründürməçiliyə məruz qaldığı, arayış-sənəd toplamalı, aylarla növbə gözləməli olduğu barədə qeyd etdikləri əsassızdır.


Bu haqda AFN.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyindən bildirilib. Qeyd edək ki, şəhid qardaşı, Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Elyar İslamoğlu sanatoriya-kurort müalicəsinə ehtiyacı olan şəhid valideynlərinin süründürməçiliyə məruz qaldığını deyib. O, bildirib ki, şəhid ailələrinə edilən güzəştlərdən biri də ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunmaqdır: "Şəhid ailələri arasında apardığım sorğudan aydın oldu ki, sanatoriya-kurort müalicəsinə ehtiyacı olan şəhid valideynləri süründürməçiliyə məruz qalır, dövlətin onlar üçün verdiyi imtiyazdan, güzəştdən istifadə edə bilmir. Ailələrin əksəriyyəti belə bir güzəştin olmasıyla bağlı indiyədək heç məlumatlandırılmayıb".

Sosial Xidmətlər Agentliyindən verilən açıqlamada isə bildirilir ki, sanator-kurort yollayışı ilə təmin olunacaq imtiyazlı şəxsdən yalnız bir sənəd - qeydiyyatda olduğu poliklinikadan səhhəti ilə əlaqədar arayış istənilir: "Bu da şəxsin xəstəliyi ilə əlaqədar ona uyğun müalicə mərkəzinin, sanatoriyanın müəyyən edilməsi üçün əsas hesab edilir.

Şəhid ailələri üzvləri növbədən kənar olaraq sanator-kurort yollayışı ilə təmin olunur.

Son 3 ildə 10 min imtiyazlı şəxs, o cümlədən 1000-dək şəhid ailəsi üzvü xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Eyni zamanda, ötən dövrdə DOST mərkəzlərində və DSMF-nin yerli bölmələrində olmaqla 71 rayon və şəhəri əhatə edən 16 regional vahid əlaqələndirmə mərkəzi yaradılıb. Bu mərkəzlərdə 5 mərkəzi icra hakimiyyəti və 71 yerli icra hakimiyyəti üzrə 26 xidmət şəhid ailələri və müharibə iştirakçılarına “bir pəncərə”dən təqdim edilir. Son iki ildə bu mərkəzlərdə həmin kateqoriyalardan olan 86,2 min şəxsə xidmət göstərilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu