Sahibkar haqqında yazılanları təkzib etdi: Apardığım mübarizəyə əngəl olmaq üçün yayıblar...


"Lion Centre" MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov Rusiyada saxlanması ilə bağlı xəbərin doğru olmadığını bildirib.


AFN.az-a açıqlamasında iş adamı onun Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı, "Andi" MMC-nin rəhbəri Anar Hüseynovla birgə saxlanması ilə bağlı yayılan məlumatı təkzib edib: "Guya mən Rusiyada saxlanmışam, iki il müddətinə azadlıqdan məhrum edilmişəm. Ola bilsin belə hal olub orda, amma ad-soyad eyniliyi təsadüfdür. Yaxud da bəzi dövlət orqanlarının maraqları çərçivəsində yayılıb bu məlumat. Bəlli dövlət qurumlarının özbaşınalıqlarının üstünü ört-basdır etmək üçün belə yanlış məlumat yayılıb. Məqsəd mənim nüfuzuma xələl gətirmək, yaxınlarımı narahat etməkdir. Mənim Dövlət Gömrük Komitəsi ilə apardığım mübarizəyə əngəl olmaq üçün ələ düşən "fürsət"dən istifadə ediblər. Mənim timsalımda digər iş adamlarına, sahibkarlara təzyiq forması kimi də qiymətləndirirəm mən bunu. Göstərmək istəyiblər ki, danışanın axırı belə olur. Bu, bəlli orqan tərəfindən həyata keçirilmiş dezinformasiyadır.
Mən bu gün Azərbaycandayam, Bakıdayam, öz fəaliyyətimlə, mübarizəmlə məşğulam. Yaxın günlərdə "Güvən-2012" ilə əlaqədar olan məsələ ilə bağlı tam aydınlıq gələcək, çox güman ki, tam müsbət həll olunacaq bu məsələ. Mən bu barədə mediaya açıqlama verəcəm. Mediaya səslənirəm ki, məsələyə haqq tərəfindən yanaşsınlar. Kiminsə sifarişi ilə belə yalanların yayılması yolverilməzdir. Ümid edirəm ki, digər media orqanları da sizin kimi haqq müstəvisindən yanaşaraq, mənim mövqeyimi yayacaqlar. Kim bunu etməsə, gələcəkdə məhkəmə qaydasında müraciət edib məsələni hüquqi müstəvidə həll edəcəm. Nə heç bir sahibkar, nə də heç bir məmur toxunulmaz deyil. Bunu cənab Prezident də deyib. Qanun çərçivəsində olan hərəkətlər də, qanunsuz olan hərəkətlər də öz həllini tapır. Bəlli olur ki, kim günahkardır, kim haqlıdır. Mən Azərbaycandayam və Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsində baş verən özbaşınalıqlarla əlaqədar mətbuatda həm çıxışım olacaq, həm yazılarım olacaq. İnanıram ki, haqq öz yerini tutacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu