Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxsin huşu özünə gəlib
Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin hazırda Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir.
Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, onun huşu özünə gəlib və hazırda vəziyyəti yaxşıya doğru gedir.
Məlumata görə, F.Hüseynlinin müalicəsi başa çatdıqdan sonra ifadəsi alınacaq və barəsində həbs qətimkan tədbiri seçiləcək.
Hadisənin səbəbləri hələ ki, məlum deyil.
Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.