ABŞ Gizli Xidməti Konqresə Ağ Evdə tapılan kokain haqqında məlumat verəcək
ABŞ Məxfi Xidməti cümə axşamı Ağ Evdə kokain aşkarlanması ilə bağlı Konqresə məlumat verəcək.
AFN.az xəbər verir ki, bununla bağlı "Axios" portalı məlumat yayıb. "ABŞ Məxfi Xidməti Konqresə Ağ Evdə kokain tapılması barədə məlumat verəcək. Bu planla tanış olan iki GOP məsləhətçisinin sözlərinə görə, brifinq işçilər səviyyəsində səhər saat 10-da baş tutacaq", - deyə portal xəbər verir.
Kokain olduğu ortaya çıxan şübhəli ağ toz iyulun əvvəlində Məxfi Xidmət əməkdaşları tərəfindən Ağ Evdə aşkar edilib. Bundan sonra təxliyə elan edilib, ABŞ prezidenti Co Bayden və ailəsi həmin vaxt Ağ Evdə olmayıb.
Bu arada "The New York Post" yazıb ki, tozun aşkarlanmasından bir qədər əvvəl prezidentin narkotik və korrupsiya qalmaqalları ilə tanınan oğlu Hunter Bayden Ağ Evdə olub.
Narkotik maddənin tapılmasından ötən günlər ərzində onun kimə məxsus olmasını müəyyən etmək hələ mümkün olmayıb, üstəlik, onun tapıldığı yerlə bağlı ifadələr də dəyişib. Belə ki, əvvəlcə Ağ Evdəki mənbələr narkotikin kitabxanada tapıldığını, sonra qərb qanadının rəsmi qəbulundan danışdıqlarını, son məlumata görə isə onun qərb qanadının girişindəki şkafda tapıldığını bildiriblər.