Muxtar Babayev Prezidentin müşavirəsində niyə yox idi?
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev ilin ilk 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini sərt tənqid edib.
Xatırladaq ki, tənqidə səbəb Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazlarla bağlı olub. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib: "İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil" - deyə İ.Əliyev baş verənlərə münasibətini açıqlayıb.
Maraqlıdır ki, sözügedən müşavirədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak etməyib. AFN.az-a məsələ ilə bağlı məlumat verən mənbə bildirib ki, həmin gün M.Babayev ölkədə olmayıb: "Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bir neçə gün idi Antalyada istirahət edirdi. Müşavirə haqda da qəfil məlumat verilsə də, gəlib iştirak edə bilməyib. Görünür, Prezident həm də buna görə hirslənib nazirə, lap sərt tənqid edib. Nazir bu gecə təyyarə ilə təcili ölkəyə dönsə də, artıq gec olub".
ETSN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, bu məlumat yalandır: "Muxtar Babayev nəinki bu günlərdə, hətta Qurban bayramı münasibətilə bir həftəlik tətil günlərində də işdə olub".