Azərbaycan PUA və silahları İstanbulda Beynəlxalq Müdafiə Sənayesi sərgisində nümayiş etdirilir
Bu gün Türkiyənin İstanbul şəhərində açılan “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da təmsil olunur.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Eyni zamanda stenddə Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilən “Heydər Əliyev” guşəsi də yaradılıb.
Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgidə iştirak üçün İstanbula gedib.
Nazirin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
“İDEF-2023” sərgisi iyulun 28-dək davam edəcək.