Aİ: Biz Ukrayna taxılının ixracı üçün bütün dəhlizləri qiymətləndiririk
Avropa İttifaqı administrasiyası Qara dəniz taxıl sazişi dayandırıldıqdan sonra Ukraynanın istehsal etdiyi taxılın dünya bazarlarına ixracı üçün bütün dəhlizləri qiymətləndirdiyini bildirib.
Aİ Komissiyasının sözçüsü Adalbert Jahnz, Ukrayna taxılının ixracı ilə bağlı sualı cavablandırarkən, Litva nazirlərindən Ukrayna taxılının Baltikyanı ölkələrin limanlarından dünyaya göndərilməsi təklifinin olduğu məktub aldıqlarını təsdiqləyib.
Litvanın məktubuna qısa zamanda cavab verəcəklərini bildirən Jahnz, AB-nin taxıl ixracı üçün Qara dəniz xaricindəki qurudan yaradılan “həmrəylik yolları” deyilən xətlərin olduğunu xatırladıb.
"Bu həmrəylik yollarının hamısı vacibdir. AB Komissiyası bu xətləri inkişaf etdirmək üçün çalışır. Baltik dəhlizi də çox vacib bir xəttdir. Biz də bunun üzərində işləyəcəyik" - deyə qurum sözçüsü bildirib.
Litvanın üç nazirinin Aİ Komissiyasına göndərdiyi məktubda Baltikyanı ölkələrdəki limanların Ukraynanın taxıl məhsullarının daşınması üçün alternativ və etibarlı yol ola biləcəyi bildirilib.
Məktubda Baltikyanı ölkələrin limanlarının ildə 25 milyon ton taxılın bazarlara göndərilməsinə icazə verə biləcəyi qeyd edilib.
Digər tərəfdən, Ukrayna ilə qonşu olan Aİ ölkələri olan Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan öz fermerlərinin istehsal etdikləri taxılın qiymətinin aşağı düşəcəyindən ehtiyat edərək, iyun ayında Ukrayna taxılını məhdudlaşdırmaq üçün Aİ-dən icazə istəyib. AB Komissiyası bu məhdudiyyət tələbinə sentyabr ayına qədər icazə verib.
Ötən həftə Aİ-nin 5 üzv ölkəsi idxal qadağasının ilin sonuna qədər uzadılmasını tələb edib.
Ukrayna isə Aİ Komissiyasının “taxıl dəhlizləri” yaratmasını istəyir. Bildirilib ki, Ukrayna ötən günlərdə bu istiqamətdə tələbini Aİ Komissiyasına çatdırıb.
Aİ Komissiyasının sözçülərindən Miriam Qarsia Ferrer Ukraynanın tələbini aldıqlarını bildirib: "Biz bu məsələləri nəzərdən keçiririk. Müvafiq vaxtda cavab verəcəyik". Ferrer Ukrayna, eləcə də Ukraynanın qonşuları və Moldova ilə qurduqları koordinasiya platformasının məsələni sonuncu dəfə dünən müzakirə etdiyini və həll yolu tapmaq üçün səylərin davam etdiyini bildirib.