Hindistanda tikinti kranının aşması nəticəsində azı 17 nəfər ölüb
Hindistanın Maharaştra əyalətində tikinti kranının aşması nəticəsində azı 17 nəfər ölüb.
"Hindustan Times" xəbər verir ki, hadisə çərşənbə axşamı gecə Mumbaydan 80 km aralıda, Thane rayonunda avtomobil yolunun tikintisində baş verib. Tikinti kranı estakadanın üzərinə çökərək beton konstruksiyanın bir hissəsini uçurub. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Hadisə nəticəsində azı 17 nəfər ölüb, 3 nəfər yaralanıb. Dağıntılar altında daha beş nəfərin ola biləcəyi bildirilir.
Nəşrin məlumatına görə, hadisə zamanı zərərçəkənlərin hamısı estakadanın tikintisində işləyənlər olub. Hindistanın baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib, hökumətin onlara birdəfəlik maddi yardım göstərəcəyini deyib.