ÜST iyulun sonuna doğru COVID-19-a yoluxma hallarının artdığını açıqlayıb
İyulun 13-dən 30-dək dünyada 1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 3 mindən çox insan dünyasını dəyişib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 008 194 yoluxma halı və 3 132 ölüm halı qeydə alınıb. Məlumata görə, yoluxma hallarının sayı əvvəlki 28 günlə müqayisədə 7% artıb, ölənlərin sayı isə 53% azalıb. Qeyd olunub ki, COVID-19 hələ də ciddi təhlükə yaratmağa davam edir və ölkələr ÜST-nin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, xəstəliklə mübarizə aparmaq üçün infrastrukturu sökməməli, saxlamalıdır.
Qeyd olunan dörd həftə ərzində ən çox yoluxma halları Koreya Respublikasında aşkar edilib - 751 484 nəfər. Sonrakı yerləri Braziliya (45 642), Avstraliya (30 144), Yeni Zelandiya (23 443) və Sinqapur (23 216) tutur. Analoji dövrdə bu xəstəlikdən ən çox insan Braziliyada ölüb - 695 nəfər. Sonrakı yerləri Peru (321), Avstraliya (260), Rusiya (251) və Koreya Respublikası (199) tutur.