Latviya dil imtahanından keçməyən rusları ölkəni tərk etməyə məcbur edəcək
Latviya hakimiyyəti latış dilindən imtahandan keçməyən Rusiya vətəndaşlarını ölkəni tərk etməyə məcbur etmək niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu ilin sentyabr ayında Baltik Respublikasında daimi yaşamaq icazəsi (yaşayış icazəsi) olan təxminən altı min rusiyalı Latviyanı tərk etmək tələbi ilə məktublar alacaq. Söhbət Avropa İttifaqında qalmaq hüququnun uzadılması üçün tələb olunan dil imtahanından hələ də keçməyən Rusiya Federasiyası vətəndaşlarından gedir.
Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolins bildirib ki, belə məktublar alan ruslar üç ay ərzində ölkəni tərk etməli olacaqlar. Ayrılmaqdan imtina edən ruslar cərimələnə bilər.
Latviya Daxili İşlər Nazirliyi qeyd edib ki, ruslar həmçinin dövlət qəyyumluğu, o cümlədən pensiyaların ödənilməsi hüququnu itirəcəklər.