Abidin Fərzəliyevin zibil siyasəti: Xırdalan, Masazır, Mehdiabad sakinləri etiraz edirlər
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev rayondakı natəmizliyə görə kəskin tənqid edilir.
AFN.az xəbər verir ki, sosial şəbələkələrdə jurnalistlər, ictimai fəal insanlar rayondakı natəmizlikdən narazılıq edirlər. Belə ki, dünən Abşeron rayonu, Xırdalan şəhərində yaşayan iqtisadçı ekspert Samir Əliyev Xırdalanın mərkəzində, Heydər Əliyev parkının yaxınlığında zibilin qalaqlanaraq həftələrlə orada qalması haqda sosial şəbəkələrdə məlumat paylaşıb. Həmin məlumat saytımızda dərc edildikdən sonra şikayətlərin sayı artıb.
Jurnalist Əli Rzayev bildirib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində də vəziyyət eynidir, qəsəbə zibilin içində batır: “İllərdir bu problem qalmaqdadır. Mərkəzi yerləri bir az təmizləyirlər, küçələri, ətraf əraziləri zibil basıb. Mehdiabadda göl deyilən yerin ətrafı üfunətin içindədir. Yerli qurumlar da bunu yaxşı bilir. Dövlət baba var olsun, kanalizasiya çəkdi, küçələrin gecə işıqlandırılması həllini tapdı, yeni işıq xətləri çəkildi. Amma nə olsun? Yerli idarəetmənin başı başqa şeylərə qarışıb. Hörmərli Abdin müəllimin bir yolu düşsəydi oralara... Amma xəbərsiz gəlsin ki, reallığı anında görsün “.
Rüstəm Qaraxanlı isə yazır ki, Xırdalanda vəziyyət bərbaddır, dörd bir yan zibildir: “Yarım saat qabaq düşündüm 4-5 yerdən şəkil çəkib paylaşım, sonra fikirləşdim ki, heç bir mənası yoxdur”.
Jurnalist Mürtəza Bünyadlı Abşeronun zibil problemi haqda çox yazdığını, lakin mənasız olduğunu deyib: “Mən dəfələrlə yazmışam. Abşeronun bu zibil problemi ilə bağlı çox yazmışam... Çox çətindir”.
Bəxtiyar Abdullayev də Masazırdakı vəziyyətdən şikayətlənib: “Masazırda da analoji vəziyyət hökm sürür. Abşeron Rayon İcra Hakimiyyətinin facebook səhifəsinə yazılan rəylər silinir, şikayətlərə baxılmır”.
Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AFN.az-a bildirildi ki, son vaxtlar rayonda əhali sürətlə artır: “Buna baxmayaraq, artan tələbatı ödəmək üçün müvafiq tədbirlər də görülür. Belə ki, Abidin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra 3 ədəd ixtisaslaşmış məişət tullantıları yığan yeni avtomobil gətirilərək istifadəyə verilib. Onlardan biri Xırdalan şəhərinə, biri Masazır kəndinə, biri isə Mehdiabad qəsəbəsinə təhkim edilib. Həmçinin avtoparkın istismarda olan köhnə maşınlarında da təmir işləri aparılıb. Bununla yanaşı, min ədəd konteyner alınaraq müxtəlif yerlərdə yerləşdirilib. Yeni avtomobillərin gətirilməsi, o cümlədən konteynerlərin alınması bundan sonra da davam etdiriləcək”.
Qurumdan verilən açıqlamada o da qeyd edilib ki, bu gün sosial şəbəkələrdə verilən məlumat da texniki nasazlıqla bağlıdır. Belə ki, texniki nasazlıq səbəbindən məişət tullantılarını daşıyan xüsusiləşmiş avtomobilin işində yubanmalar olub. Şənbə və bazar gününə təsadüf etdiyindən kirayə maşın götürməkdə də çətinlik yaranıb: “Problem artıq aradan qaldırılıb və bu gündən etibarən məişət tullantıların həmişəki qrafiq üzrə ərazieən daşınması təmin olunub. Yenilənmə, təchizat işləri bundan sonra da aparılacaq”.