Tenerife adasında yanğın: 3273 hektar ərazi külə döndü


İspaniyanın Tenerife adasındakı meşə yanğını tədricən genişləndiyindən indiyədək 3273 hektar ərazi külə dönüb.


İspaniyanın Kanar adaları qrupuna daxil olan Tenerife adasının şimal-şərqindəki təbiət parkında çərşənbə axşamı başlayan meşə yanğınını söndürmək mümkün olmur.

Ümumilikdə 17 təyyarə, 350 yanğınsöndürən və hərbi qulluqçu ilə aparılan işlərə baxmayaraq, alov genişlənir.

İndiyə qədər 3 min 273 hektar sahə yanğında külə dönüb.

Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo gecə saatlarında verdiyi açıqlamada bildirib ki, yanğın yayılmaqdadır. "Amma bizim prioritetimiz əhalinin məskunlaşdığı əraziləri qorumaqdır. Bu, yəqin ki, Kanar adalarında ən azı son 40 ildə baş vermiş ən mürəkkəb yanğındır" - deyə o qeyd edib.

Klavixo ekipajların gecə-gündüz işlədiyini, lakin yanğının nəzarətdən çıxdığını bildirib.

İspaniya hökumətinin məlumatına görə, ilin ilk 7 ayında meşə yanğınları təxminən 64 min hektar ərazini yandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu