Yunanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 10-a yüksəlib


Yunanıstanın Tesaliya bölgəsini, xüsusilə Volos, Pilio, Larisa, Trikala və Kardiça kimi əyalətləri 5 sentyabrdan bu yana təsir altında saxlayan şiddətli yağış və sel nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.


Yunanıstanın iqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilias xüsusilə Pinio çayının daşması nəticəsində bir çox kəndin su altında qaldığını bildirib. Sel şəraitinin pisləşə biləcəyini deyən Kikilias diqqət lazım olduğunu qeyd edib.

Çərşənbə axşamı günündən etibarən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyini açıqlayan Kikilias, 4 nəfərin hələ də itkin olduğunu bildirib. Kikilias qeyd edib ki, bölgədə axtarış-xilasetmə işləri və kəndlərdə qapalı qalanlara qida və su paylanması üçün 20 helikopter işləyir.

Silahlı Qüvvələrin də iştirak etdiyi axtarış-xilasetmə əməliyyatları zamanı bölgədən 2 minə yaxın insan xilas edilib. Pinio çayının daşması nəticəsində bölgədə suyun hündürlüyü 9 metrə çatıb. Daşqın təhlükəsinə qarşı tədbir olaraq bölgənin bir çox kəndi boşaldılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu