Çin Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırdı


Çin Almaniyanın xarici işlər naziri Annalena Baerbokun prezident Si Cinpin haqqında "diktator" ifadəsini işlətməsinə etiraz edərək, Almaniyanın Pekindəki səfiri Patrisiya Floru Xarici İşlər Nazirliyinə çağırıb.


Çin tərəfi hələ görüşlə bağlı açıqlama verməsə də, Almaniyanın xarici işlər naziri Baerbok səfir Florun sentyabrın 17-də Çin rəsmiləri tərəfindən görüşə çağırıldığını təsdiqləyib.

Sentyabrın 14-də ABŞ-a səfəri zamanı Baerbok "Fox News" televiziyasına Rusiya-Ukrayna müharibəsi və Rusiya prezidenti Vladimir Putin haqqında şərh verərək deyib: “Əgər Putin müharibədə qalib gəlsə, bu, dünyanın Çin prezidenti Si kimi digər diktatorlarına hansı mesajı verəcək?"

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq dünən Pekində keçirilən gündəlik mətbuat konfransında məsələ ilə bağlı verilən sualı cavablandırıb. "Alman tərəfinin absurd və son dərəcə məsuliyyətsiz bəyanatlarını rədd edir və pisləyirik. Faktlara və diplomatik münasibətlərə uyğun olmayan bəyanatlardır. Bu, Çinin siyasi qürurunu pozan açıq-aşkar təxribatdır” - deyə o bildirib.

Sözçü Mao qeyd edib ki, Çin diplomatik kanallarla Almaniyaya etiraz edib.

Baerbokun açıqlamaları və Maonun cavabı ilə bağlı sual nazirliyin dərc etdiyi iclasın stenoqramına daxil edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu