Floridada ağzında insan qalıqları olan timsah öldürülüb
ABŞ-ın cənubundakı Florida ştatında ağzında insan qalıqları olduğu bildirilən 4 metrlik timsah polis tərəfindən öldürülüb. Onun yediyi qadının meyitinin su kanalında tapıldığı bildirilib.
Hadisə şahidinin ağzında insanın alt bədənini daşıyan timsah gördüyünü söylədikdən sonra polis hərəkətə keçib.
Pinellas dairəsinin şərif ofisindən verilən açıqlamada, timsahın öldürüldüyü, 41 yaşlı Sabrina Pekhemin bədəninin qalan hissələrinin su kanalında tapıldığı bildirilib.
Qadının necə öldüyü istintaqla aydınlaşacaq.
Hadisə şahidi Jamarcus Bullard kanal boyunca gedərkən timsah və onun ağzında cansız manekenə oxşayan şey daşıdığını gördüyünü və bu səbəbdən hadisəni yanğınsöndürmə idarəsinə bildirdiyini söyləyib. "O, onu bərk-bərk tuturdu və kanalın dibinə doğru üzməyə başladı. Gördüklərimin gerçək olduğuna inana bilmədim" - deyə o bildirib.
Həyatını itirən qadının evsiz olduğu və yaxınlıqdakı meşəlik ərazidə evsizlərin qurduğu düşərgədə yaşadığı məlum olub.
Ərazidə yaşayan insanlar əvvəllər kiçik ölçülü timsahlar gördüklərini, lakin bu hadisədəki kimi böyük timsahın şahidi olmadıqlarını bildiriblər.