BMT fransalı idmançılara hicab qadağasını qəbul etmir
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado, 2024-cü ildə Fransada keçiriləcək Paris Olimpiya Oyunlarında fransalı idmançıların hicab geyinməsinə qoyulan qadağa ilə bağlı tənqidi fikirlər səsləndirib.
AFN.az xəbər verir ki, o, "Heç kim qadına nə geyinməli, nə də geyinməməsi ilə bağlı hökm edə bilməz" - deyə açıqlama verib.
BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında jurnalistlərin məsələ ilə bağlı sualını cavablandıran Hurtado qeyd edib ki, Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəyə (CEDAW) əsasən, bu konvensiyaya qoşulan ölkələr alçaldıcı, üstünlükçü və ya cinsiyyətçi hər hansı sosial və ya mədəni nümunələri dəyişdirmək üçün bütün tədbirləri görməyə borcludurlar. "Bir qrupa qarşı ayrı-seçkilik praktikası zərərli nəticələrə səbəb ola bilər. Beynəlxalq insan haqları standartlarına əsasən, dinin, inancların və ya seçimlərin ifadəsinin məhdudlaşdırılması yalnız təhlükəsizlik və ictimai asayişlə bağlı qanuni narahatlıqları aradan qaldıran xüsusi şəraitdə məqbuldur", - deyə sözçü bildirib.
Fransanın idman naziri Amelie Oudea-Kastera 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarında idmançıların hicab taxa bilməyəcəklərini açıqlayıb.