"Apple" yeni telefonunda problemi etiraf etdi: Yeniləmiş variant buraxılacaq
"Apple" "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" istifadəçilərinin cihazların gözlənildiyindən daha çox qızması ilə bağlı şikayətlərini qəbul edib.
Şirkətdən vrilən açıqlamada bildirilir ki, həddindən artıq qızma problemini həll etmək üçün tezliklə proqram yeniləməsi gələcək.
Problemlərə iOS 17-dəki səhvlər və A17 Pro çipini həddən artıq yükləyən Instagram və Uber daxil olmaqla bəzi üçüncü tərəf proqramlarında edilən son yeniləmələr səbəb olduğu bildirilir.
"Apple" düzəlişləri çatdırmaq üçün Instagram kimi proqram tərtibatçıları ilə birbaşa işlədiyini açıqlayıb.
Şirkətin analitiki Ming-Chi Kuo "Apple"iın daha yüngül "iPhone 15 Pro" axtarışında soyutma mövzusunda güzəştə getdiyini qeyd edib. Bundan əlavə, bəzi hesabatlar "iPhone 15 Pro"nun yeni titan çərçivə dizaynının həddindən artıq istiləşməyə kömək edə biləcəyini vurğulayıb.
Bununla belə, şirkət iddia edir ki, yeni materiallar əvvəlki paslanmayan polad "iPhone"lara nisbətən daha yaxşı istilik yayılmasını təmin edir.
"Apple" vurğulayır ki, həddindən artıq istiləşmə təhlükəsizlik problemi deyil və uzunmüddətli performansa təsir etməyəcək.
Şirkət bildirib ki, yeni "iPhone"ların başlanğıcda daha isti işləməsi normaldır, çünki onlar fonda fotoşəkilləri və digər məzmunu indeksləşdirirlər.