Bakı Limanı üzərindən daşınan Mərkəzi Asiya neftinin həcmi 2 dəfə arta bilər
Bu ilin yekununda təkcə Bakı Limanı üzərindən 2 milyon tona qədər Mərkəzi Asiya neftinin daşınması proqnozlaşdırılır.
Bunu "Report"a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 2 dəfə artım deməkdir.
"Qazaxıstan və Türkmənistan nefti Azərbaycan üzərindən Qərb ölkələrinə daşınır", - deyə departament müdiri xatırladıb.
Xatırladaq ki, 2022-ci ildə Bakı Limanının yük dövriyyəsi 2021-ci illə müqayisədə 13,6 % çox - 6 milyon 314 min ton təşkil edib. Bu rəqəmin 2023-cü ilin yekununda 7 milyon tondan çox olması gözlənilir.