Cənubi Koreya: Şimali Koreya bir həftə ərzində casus peyki buraxmağa hazırlaşır
Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik bildirib ki, Şimali Koreya bir həftə ərzində casus peyki buraxmağa hazırlaşır.
"Yonhap"ın məlumatına görə, nazir Şin Seulda yerləşən KBS kanalına verdiyi müsahibədə deyib ki, Cənubi Koreya və ABŞ Şimali Koreyanın hərəkətlərini izləyir. "Şimali Koreya təqribən bir həftə sonra casus peyki buraxmağa hazırlaşır" - deyə o qeyd edib.
Şin ehtimal edir ki, Şimali Koreya əvvəlki peyk buraxma cəhdində yaşanan texniki nasazlığı Rusiyanın köməyi ilə aradan qaldırıb.
Digər tərəfdən, Cənubi Koreya Baş Qərargahının (JCS) səlahiyyətlilərindən olan general-leytenant Kanq Ho-pil bildirib ki, Şimali Koreyaya hazırlaşdığı casus peyk atma cəhdini dayandırması üçün xəbərdarlıq edilib.
“Şimali Koreya xəbərdarlıqlarımıza baxmayaraq hərbi casus peykini orbitə çıxararsa, ordumuz xalqımızın həyatını və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görəcək” - deyə Kanq vurğulayıb.