Nazir: Qızılcaya yoluxmalar artarsa, məktəblərdə qapanmalar ola bilər
"Ayrı-ayrı məktəblərdə qızılcaya yoluxma saylarının böyük olması ilə bağlı iddialar var, amma klinik diaqnoz mütləq qoyulmalıdır".
AFN.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. O vaksinasiyanın əhəmiyyətinə də diqqət çəkib:
"Peyvənd olunmayan uşaqlarda yoluxma və xəstəliyi ağır keçirmə ehtimalı artır. Əgər uşaq peyvənd olunmasyıbsa, məktəbdən, müəllimdən hansısa dövlət qurumundan nəsə gözləmək düzgün deyil. Həm də bu, valideynin məsuliyyətidir. Ən qısa zaman ərzində şagirdlərin peyvəndlənməsini sürətləndirmək lazımdır. Yuxarı siniflərdən danışırıqsa, bunun üçün gecdir. Hər bir peyvəndin vurulma yaşı var".
Nazir yoluxmaların artacağı halda məktəblərdə qapanmaların olmasını istisna etməyib:
"Burada diaqnozun qoyulmasını gözləmək vacib məsələdir. Müəllim, direktor diaqnoz qoymur. Bu istiqaməti ciddi izləyirik. Vəziyyətə nəzarət edirik. Hazırkı məlumatlara əsaslansaq, bu və ya digər müəssisədə hansısa qapanmaya getməyi planlaşdırmırıq. Amma növbəti günlər ərzində məlumatları təhlil etdikcə təhlükəli yerlər yaranarsa, bəzi məktəblərdə hansısa sinifləri və ya bütünlüklə məktəbin özünü distant təhsilə keçirilməsi ilə bağlı qapanmalara gedə bilərik. Bunu o halda edə bilərik ki, uşaqların həyatı üçün təhlükə yaradır".