Mərdanov: Mənim dövrümdə bütün məktəblərdə peyvənd vurulurdu...


“11 ildir, təhsil naziri vəzifəsindən uzaqlaşmışam. Buna görə də həmin dövrlərdə məktəblərdə kütləvi yoluxmalar olub-olmadığını, qızılca epdemiyasının bu dərəcədə yayıldığını xatırlamıram. Mətbuatdan eşitdim ki, azyaşlı uşaqlarda xəstəlik daha ağır keçir, hətta neçə nəfər uşaq artıq qızılcadan həyatını itirib. Çox təəssüf... Xəstəliyin yayılmaması üçün ehtiyatlı olmalıdırlar. Hansı uşaq yoluxubsa, qətiyyən məktəbə buraxılmamalıdır. Məktəb rəhbərləri, müəllimlər, valideynlər mütləq buna diqqət etməli, daha ciddi münasibət göstərməlidirlər. Bütün uşaqlara qızılca əleyhinə vaksin vurulmalıdır. Bir halda ki xəstəlik az qalıb epidemiya halını alsın... Məlumatıma görə, bəzi məktəblərdə siniflər artıq bağlanıb. Hər halda ciddi tədbir görülməlidir. Yoluxan uşaqlar yalnız tam sağalandan sonra məktəbə getməlidirlər”.


Bu sözləri Pravda.az-a açıqlamasında sabiq təhsil naziri, professor Misir Mərdanov deyib.

“Nazir olduğum dövrlərdə bütün məktbələrdə şagirdlərə peyvənd vurulurdu. Dəqiq yadımdadır. Məncə, bu gün də hər məktəbdə tibbi məntəqəsi var, hamısında tibb bacısı oturur. Ola bilər ki, məktəblərdəki tibb məntəqələrinin fəaliyyətindən narazılıq olsun. Bu narazılıqları aradan qaldırmaq lazımdır. Məntəqələr fəaliyyətlərini artırmalıdırlar ki, narazılıqlar aradan qalxsın. Bu məsələyə həm Elm və Təhsil Nazirliyi, həm də məktəb rəhbərləri, rayon təhsil şöbələri xüsusən qış dövründə ciddi yanaşmalıdırlar. Hər bir uşaq bizim gələcəyimizdir. Buna görə də uşaqların sağlamlıqları bizim üçün çox vacib məsələlərdən biridir. Məsələyə təkcə Elm və Təhsil Nazirliyi deyil, hamı məsuliyyətlə yanaşmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB də bu işə baxmalıdır”, - o deyib.

M.Mərdanov qızılca ilə əlaqədar universitet və məktəblərin bağlanması təklifinə də münasibət bildirib: “Düşünürəm, təhsili kütləvi dayandırmağa bu gün ehtiyac yoxdur. Xəstəlik hələ elə böyük hal almayıb. Buna görə də universitet və məktəblərin kütləvi şəkildə bağlanmasına ehtiyac görmürəm. Hansı məktəbdə, yaxud rayonda, kənddə yoluxma varsa, orada nəzarət gücləndirilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu