Türkiyə 9 ayda turizmdən 42 mlrd dollar gəlir əldə edib
"2023-cü il yanvar-oktyabr aylarında qəbul etdiyimiz ümumi ziyarətçi sayı 50,2 milyon nəfəri ötüb. Türkiyəni tətil istiqaməti seçən xarici turistlərin sayı bu 10 ay ərzində, əvvəlki ilin eyni dövrünə nisbətən 11,58 faiz artım göstərib. Turizm gəlirləri baxımından isə, 2023 yanvar-sentyabr müddətində 42 milyard dollar gəlir əldə edib. Keçən ilin eyni müddətində əldə edilmiş 35 milyard dollarlıq gəlir ilə müqayisədə, 20 faizlik bir artım müşahidə olunur".
Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy Antalyanın Belek Turizm Bölgəsindəki Nest Konqres Mərkəzində keçirilən “13-cü Beynəlxalq Kurort Turizmi Konqresi”nin açılışında çıxışı zamanı deyib.
Türkiyənin turizmdə dünyanın super liqasında olduğuna diqqət çəkən nazir Ersoy 2028-ci ildə hədəflərinin çox daha yüksək olduğunu, turizm-sənaye həmkarlarının dəstəyi ilə hədəflərinə nail olacaqlarını qeyd edib.
Nazir Türkiyənin geosiyasi mövqeyinə görə keçmişdə olduğu kimi bu gün də böhranlar, regional münaqişələr, müharibələr, təbii fəlakətlər və qlobal problemlərlə üzləşdiyini bildirib.
Qlobal və regional böhranlara qarşı toxunulmazlığı artırmaq, keyfiyyətli turistləri Türkiyəyə cəlb etmək və turizm gəliri hədəflərini yüksəltmək məqsədi ilə 2019-cu ildə Türkiyə Turizm Təbliğ və İnkişaf Agentliyini (TGA) qurduğunu xatırladan nazir Ersoy, TGA'nın böhran dövrlərində tanıtım fəaliyyətlərinə qədər bir çox uğurlu layihəyə imza atdığı bildirib.
Mehmet Ersoy, TGA ilə 33 ölkənin milli kanallarında intensiv tanıtımlar etdiklərini və təxminən 200 ölkədə rəqəmsal tanıtım fəaliyyətləri həyata keçirdiklərini bildirib. Rəsmi turizm platforması olan “GoTürkiye” internet saytının 10 fərqli dildə yayımlandığını bildirən nazir Ersoy, bu platformanın tarix, sağlamlıq, təbiət, inanc, velosiped, qolf turizmi, qastronomiya kimi 60-a yaxın mövzuda müxtəlif başlıqları olduğunu qeyd etdi.
Nazir Ersoy turizmdə məhsul müxtəlifliyinə önəm verdiklərini və xüsusilə mədəniyyət turizmi sahəsində mühüm işlər gördüklərini bildirib.
Hər il 5 şəhəri bu zəncirə daxil etməklə festivalların təsir sahəsini daha da genişləndirəcəklərini ifadə edən nazir Ersoy, 2028-ci ildə 35 şəhərdə Türkiyə Kültür Yolu Festivalı keçirməyi hədəflədiklərini bildirdi. Eyni zamanda qastronomiyanın turizmin ən əhəmiyyətli məhsul başlıqlarından biri olduğuna diqqət çəkərək, şəhərlərə "gastrocity" adını qazandırmaq üçün çox çalışdıqlarını ifadə edib.