Qərbli turistlər Naxçıvan haqqında çox məlumatlı olur
“Naxçıvan xarici turistlərin çox önəm verdiyi bir məkandır. Hətta amerikalıların ən çox sevdiyi bir yerdir də deyə bilərəm”.
Bunu AFN.az-a açıqlamasında tanınmış bələdçi Balaş Maqsudbəyli bildirib. Onun sözlərinə görə, xariciləri daha çox maraqlandıran Naxçıvanın tarixi-mədəni abidələridir: “XII əsrdə yaşayıb yaratmış tanınmış memar Əcəmi Naxçıvaninin çox gözəl əsərləri var burada. Bundan başqa, turistlər Ordubada getməyi də çox sevirlər. Balaca bir yerdir, amma olduqca zəngin mədəni abidələri var”.
Balaş müəllim qeyd edib ki, daha çox Qərbi Avropadan, Amerikadan gələn turist qrupları Naxçıvanla maraqlanır. Avstraliya, Yeni Zellandiyadan da gələnlər olur: “Onu da qeyd edim ki, Azərbaycana gələn xarici turistlərdə Naxçıvanla bağlı çoxlu məlumat olur. Xüsusilə də Əshabi-Kəhf ziyarətgahı, Ordubadda yerləşən Şah Abbas məscidi ilə bağlı verdikləri suallardan aydın olur ki, çox məlumatlıdırlar. Şah Abbas Cümə məscidi üzərində Şah Abbasın bir fərmanı həkk olunub, Ordubad camaatının vergidən azad olunması ilə bağlı. Bunu görmək üçün gələn turist qruplarını müşayiət etmişəm dəfələrlə”.
Tanınmış bələdçi Naxçıvandakı bir çox abidələrin restavrasiya olunduğunu, bu üzdən turistlərə təqdim etməkdə heç bir çətinliyin olmadığını da bildirib.
FƏXRİYYƏ