Məktəb direktoru rüşvət aldı, prokurorluq mənimsəmə ilə cinayət işi açdı - ŞİKAYƏT+VİDEO
“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.
Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova AFN.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru Azər Qazıyevin qanunsuz hərəkətləri barədə 2023-cü il sentyabrın 29-da Baş Prokurorluğa müraciət edib: “Mingəçevir şəhər Prokurorluğundan 12 yanvar 2024-cü il tarixdə daxil olan məktuba əsasən, direktor A.Qazıyevin barəsində cinayət işi başlanıb. Ancaq bu məni qane etmir. Orada qoyulan maddələr mənim təqdim etdiyim sübutları əhatə etməyib”.
Qeyd edək ki, direktorun barəsində toplanan materiallar əsasında Mingəçevir şəhər Prokurorluğunda 12 yanvar 2024-cü il tarixdə direktor Azər Qaziyevin barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Mingəçevir şəhər Prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas İsmayıl Məmmədliyə həvalə onunub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
H.Rahimova isə direktor A.Qazıyevin rüşvət alması ilə bağlı faktı prokurorluğa təqdim etdiyini bildirib. O, cinayət işinin bu istiqamətdə aparılmamasından narazı olduğunu vurğulayıb.
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:
“2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən AFN.az-a bildirilib ki, İdarə tərəfindən 13-14 noyabr 2023-cü il tarixlərində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılmış və sözügedən məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir şəhər Prokurorluğu, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlamalara başlanılıb: "Aparılmış yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq".
Direktorun rüşvət almasını əks etdirən görüntüləri təqdim edirik: