Bakı və Sumqayıt arasında bir neçə istiqamət üzrə ictimai nəqliyyat təşkil edilməlidir - EKSPERT


Sumqayıt-Bakı arasında yeni ekspres avtobus marşrutunun işə düşməsi irəliyə doğru ciddi addımdır. Lakin görüləcək işlər hələ çoxdur.


AFN.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O, bildirib ki, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma ciddi uğurlar gətirməyəcək: "Bu iki şəhərə vahid aqlomerasiya kimi, vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəlkə də yüz mindən çox) insan gündəlik olaraq (yəni mütəmadi olaraq), öz rutin həyatının axarı olaraq bu iki şəhər arsında gedib-gəlir. Bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Bu, Sumqayıt yarandığı tarixdən belədir. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Bunun imkanları araşdırılmaqla daha kiçik tutumlu (ehtiyac olan istiqamətdə həm də iri tutumlu) avtobuslarla ekspres marşrutlar yaradılmalıdır".

Ə.Hüseynov qeyd edib ki, Bakı və Sumqayıt arasında qatarla daşıma imkanları da ciddi yaxşılaşdırılmalıdır. Əks təqdirdə, ekspertin sözlərinə görə, iki şəhər arsında fərdi avtomobillər və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq: "Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman çox vacibdir. Aqlomerasiya daxilində gündəlik səfərlər edən insanlar üçün vağzaldan-vağzala daşıma ciddi vaxt itkisidir. Heç də hər kəs bu itkiyə getmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu