Dollara tələb niyə artıb? - Mərkəzi Bank açıqladı
Son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub.
Bildirilir ki, bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır.
Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib.
"Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir",- deyə, açıqlamada qeyd olunub.
Qeyd edək ki, dünən Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 151,1 mln. ABŞ dolları təşkil edib ki, bu da fevralın 8-i keçirilən bir öncəki tələbdən 2,5 dəfə çox olub.