Azərbaycanda devalvasiya qaçılmazdır - EKSPERT


Azərbaycanda dolların bahalaşacağı ilə bağlı gözləntilər artıb. Bunu xarici valyuta ilə depozitlərin həcminin artması da göstərir.

AFN.az xəbər verir ki, yanvarda valyuta ilə depozitlər əvvəlki ayla - 2023-cü ilin dekabrına görə xeyli artıb. Belə ki, yanvar ayında fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri isə 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata çatıb. Öz növbəsində bu ilin yanvarında milli valyutada depozitlər 381,1 milyon manat azalıb. Ekspertlərə görə, insanlar manatda olan depozitlərini dollara dəyişməyə başlayıblar. Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli şərh verib. O, bildirib ki, 2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82%-i xarici valyutada verilən kreditlərlə bağlı olub. "2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. Bundan başqa Mərkəzi Bankən keçirdiyi formal “hərraclarda” dollara təlabat da kəskin artıb - 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb".
N.Cəfərlinin fikrincə, bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var: "Mərkəzi Bank və hökumət isə bu gözləntilətri normal idarə edə bilmir. Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var – bu isə təlaşı artıran faktordur. Dünyada Mərkəzi Bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir – hələ ki, bizdə bu sahə axsayır.
Mənim fikrimcə, Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur qalacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxartmır. 2015 devalvasiyalarından sonra bu yazıq manata balaca “hovuz” düzəldib yavaş-yavaş “üzməyi” öyrətməli idilər – etmədilər, sadəcə inzibatı üsulla məzənnə siyasəti yürütdülər. İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu, daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. 2025-ci ildə növbəti 10 illik dövr başa çatır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu