"Qarabağ" - "Bayer" oyununun biletləri "qara bazar"a çıxarılır? - ŞİKAYƏT+İDDİA


Bakı sakinləri "Qarabağ" - "Bayer" oyununa bilet ala bilməməkdən şikayətlənirlər.


AFN.az-a bununla bağlı daxil olan müraciətdə bildirilir ki, bu gün saat 12:00-da başlamalı olan bilet satışı həmin saatda start götürməyib: "Saat 11-ə qalmışdan Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında idik. Bizə dedilər ki, sistemdə problem var, satışa başlaya bilmirik. İticket.az saytına da baş vurduq, ordan da mümkün olmadı bilet almaq, saytda da sistem işləmirdi. Saat 3-ə qalmışadək stadionun qarşısında gözlədik, bilet satışı başlamadı. Eləcə də iticket.az-da sistem düzəlmədi".

Vətəndaşlar bildirirlər ki, bunun səbəbi biletlərin sonradan "qara bazar"a çıxarılmasıdır: "Orda olanda da söhbət gedirdi: rəsmi qaydada bilet satışını sistem bəhanəsilə dayandırırlar, sonra da deyirlər ki, biletlər qurtarıb. Biletləri də "qara bazar"a çıxaran adamlara satırlar. Bir neçə gündən sonra "qara bazar"da başlayacaqlar dəyərindən baha satmağa. Mən ilk dəfə idi ordan bilet almağa cəhd edirdim, amma hər dəfə alan adamlar vardı ki, deyirdilər bu problem hər oyunda yaşanır. "Qarabağ"ın oyunlarına rəsmi formada bilet satışı, demək olar ki, olmur".

Məsələ ilə bağlı iticket.az-ın qaynar xəttindən bildirildi ki, elə bir problem olmayıb. "Saat 12:00-da biletlərin satışına başlanıb, həm Respublika stadionunun kassalarında canlı, həm də iticket.az saytında onlayn".

Maraqlıdır ki, "Qarabağ" FK-dan saytımıza verilən açıqlamada problem inkar edilmədi. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirbi ki, bilet satışının başlanma saatında yüklənmə ilə bağlı problem yaşanıb: "Buna baxmayaraq, bilet almağa nail olanlar da var". Biletlərin "Qara bazar"a çıxarılması məsələsinə gəldikdə, A.Hacıyev belə bir problemlə qarşılaşmadıqlarını bildirdi: "Hər bir halda, proses nəzarətdədir, elə bir hal olarsa müdaxilə ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu