Cənubi Koreya: Kim Çen Inın qızının "Şimalın varisi" olma ehtimalı istisna oluna bilməz
Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju-ae-nin atasının varisi olması ehtimalını nəzərdən qaçırmaq olmaz.
"Yonhap"ın məlumatına görə, nazirliyin sözçüsü Koo Byonq-sam gündəlik mətbuat konfransında Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kimin qızı ilə ferma ziyarəti ilə bağlı xəbərlərini dəyərləndirib.
KCNA-nın Kim Ju-ae-ni təsvir edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Koo, xəbərlərdə Kim Jong-un və qızı üçün "rəhbərlik edən böyük insanlar" ifadəsinin istifadə edildiyini qeyd edib.
Koo bu ifadənin "Şimal liderlərini" təsvir etmək üçün istifadə edildiyini bildirib və deyib: "Şimali Koreyanın rəsmi mediasında istifadə edilən bəyanatlara və protokol səviyyəsinə görə, Kim Ju-ae-nin atasının varisi olma ehtimalı istisna edilə bilməz”.
Qeyd edək ki, Şimali Koreya liderinin qızı Kim Ju-ae 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə iştirak edib.