UNICEF: Ötən il Myanmada minalar və partlayıcılar 1052 mülki şəxsin ölümünə səbəb olub
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2023-cü ildə Myanmada mina və digər partlayıcı maddələrin partlaması nəticəsində 1052 mülki şəxsin həyatını itirdiyini bildirib.
UNİCEF-dən verilən açıqlamada Myanmarda paytaxt Nepido istisna olmaqla, demək olar ki, bütün əyalət və bölgələrdə minaların olduğu və bunun təşviş doğurduğu bildirilib. Həmçinin 2022-ci ildə minalara görə 390 mülki şəxsin həyatını itirdiyi qeyd edilib.
O da vurğulanıb ki, 2023-cü ildə Myanmada mina və digər partlayıcı maddələr səbəbindən 1052 mülki şəxsin həyatını itirib və bu insanların 20 faizini uşaqlar təşkil edir.
UNICEF-in Şərqi Asiya və Sakit Okean üzrə regional direktoru Debora Komini minalardan istifadənin təkcə iyrənc bir hərəkət olmadığını, həm də beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib. Komini vurğulayıb ki, Myanmada münaqişənin bütün tərəfləri mülki əhalinin və uşaqların təhlükəsizliyini təmin etmək üçün minalardan istifadəni dayandırmalıdır.