Mozambik sahillərində gəminin batması nəticəsində 91 nəfər ölüb
Mozambikdə balıqçı qayığının həddindən artıq yüklənməsi səbəbindən batması nəticəsində azı 91 nəfər ölüb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Onların sözlərinə görə, gəmidə 130 nəfər olub. Nampula əyalətinin dövlət katibinin sözlərinə görə, gəmi həddindən artıq yüklənib və sərnişin daşımaq üçün uyğun olmayıb. Onun sözlərinə görə, yayılan vəba epidemiyası ilə bağlı yalan məlumat səbəbindən gəmidə çaxnaşma başlayıb, sərnişinlərin əksəriyyəti quruya çıxmağa çalışıb.
Dövlət katibi ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Xilasedicilər beş nəfəri sağ çıxarıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Gəminin batmasının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.