Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək
Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlarına görə sabahdan etibarən İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.
Prezident Qustavo Petro Kolumbiyanın paytaxtı Boqotada keçirilən "1 May Əmək və Həmrəylik Günü" qeyd etmələrinə qatılıb və tarixi Bolivar meydanında xalqa müraciət edib.
Prezident Petro, İsrail Dövləti ilə diplomatik əlaqələrin kəsilməsini belə izah edib: "Çünki soyqırımçı bir lider hökumətdir".
İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro, "Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir: Biz soyqırım dövrünə qayıda bilmərik. İnsanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölərsə, bəşəriyyət də ölər" - deyə qeyd edib.
Petro martın 26-da verdiyi açıqlamada, İsrailin Qəzzada atəşkəs tələbi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT Təhlükəsizlik Şurasının) qəbul etdiyi qərara əməl etmədiyi təqdirdə, İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlamışdı.