ABŞ-ın rüsumları Yaponiya şirkətlərinə on milyardlarla dollara başa gələ bilər

Yaponiyanın nəhəng şirkətləri ABŞ tarifləri səbəbilə 27 milyard dollar itirmək riski ilə üzləşir
AFN.az xəbər verir ki, ABŞ-ın yeni tarif siyasəti səbəbilə Yaponiyanın aparıcı korporasiyaları — "Mizuho", "Sony", "Toyota" və digərləri ümumilikdə 4 trilyon yen (təxminən 27,6 milyard dollar) itirmək riski ilə üz-üzədir.
Bu barədə “Financial Times” öz mənbələrinə və şirkətlərin hesabatlarına istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Vaşinqtonun tarif siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda itkilər daha da arta bilər.
Ən böyük zərbə avtomobil sənayesinə dəyib. 2023-cü ildə Yaponiya ABŞ-a ümumi dəyəri 40 milyard dollardan çox olan 1,5 milyon avtomobil ixrac edib. Honda şirkətinin baş direktoru Toşihiro Mibe bildirib ki, yeni tariflər şirkətə 650 milyard yen (təxminən 4,5 milyard dollar) əlavə xərc yarada bilər. Bu səbəbdən, Honda 2030-cu ilə qədər olan investisiya planlarını 10 trilyondan 7 trilyon yenə (təxminən 48,7 milyard dollar) endirməyə qərar verib.
Bildirilir ki, 2025-ci maliyyə ilində (31 mart 2026-cı ildə başa çatır) yeddi aparıcı Yapon avtomobil istehsalçısı ABŞ-ın yeni tarifləri səbəbindən ümumilikdə ən azı 2,7 trilyon yen (təxminən 18,5 milyard dollar) itirə bilər.
Ən çox zərər görəcək şirkət Toyota olaraq göstərilir. Şirkətin ümumi itkilərinin 1 trilyon yeni (təxminən 6,8 milyard dollar) keçəcəyi proqnozlaşdırılır. Təkcə aprel və may aylarında tətbiq edilən tariflər səbəbindən Toyota 180 milyard yen (təxminən 1,2 milyard dollar) zərərə uğrayıb.