“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində yekun tədbirini təşkil edib.
AFN.az xəbər verir ki, layihənin yekun tədbiri 8 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli QHT Forumunun iclas zalında keçirilib. Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Milli QHT Forumuna təşəkkür bildirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin rəhbəri Elnurə Abuşova layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayıb. O qeyd edib ki, layihə çərçivəsində müxtəlif rayonlarda təşkil edilən təlimlərdən, ailələrin mövzuya münasibətindən və uşaqların hüquqlarının təminində ailə dəyərlərinin əhəmiyyətindən bəhs olunub.
Yekun tədbirin məqsədi qanunvericiliyin təhlili, mövcud çətinliklərin dövlət qurumları, QHT-lər və media nümayəndələri ilə müzakirəsi, bu müzakirələrin layihə hesabatında əks olunması, eləcə də layihənin davamlılığını təmin etmək üçün təkliflərin aidiyyəti qurumlara təqdim olunmasıdır.
Tədbirdə iştirak edən qurumlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Vəkillər Kollegiyası, Mediasiya Şurası, Konstitusiya Araşdırmalar Fondu, media nümayəndələri və yerli QHT-lər iştirak edib.
Azərbaycan Vəkillər Kollegiyasının nümayəndələri Gülşən Salmanova və Lalə Məmmədova erkən nikahların cəmiyyət üçün vacibliyini vurğulayıblar. Çıxışlarda qızların hüquqi müdafiəsi, ucqar bölgələrdə yaşayan həssas əhali qrupları üçün hüquqi yardım, ailə və valideyn məsuliyyəti, qanunvericiliyin təkmilləşdirilməsi və düzgün hüquqi qərarların qəbul olunmasının əhəmiyyəti qeyd olunub.
Mediasiya Şurasının nümayəndəsi Əli Fərzəliyev, vətəndaş cəmiyyətlərinin regionlarda aparılan təlimlərdə aktiv iştirakını alqışlayaraq, erkən nikah və ailədaxili problemlərə həssas yanaşmanın əhəmiyyətini vurğulayıb. Problemlərin erkən aşkarlandıqda, yerli qurumlarla kompleks yanaşma tətbiq edilməsinin uşaqların və qızların hüquqlarının qorunmasına imkan yaratdığı bildirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəbnəm Cəfərova Komitənin 11 rayonda fəaliyyət göstərən “Ailələrə və Uşaqlara Dəstək Mərkəzləri”nin fəaliyyətindən söz açıb. Bu mərkəzlərdə ailə dəyərlərinin təbliği, uşaqların hüquqlarının qorunması, qızların təhsilə yönləndirilməsi və erkən nikahların qarşısının alınması istiqamətində işlər aparılır.
Səhiyyə Nazirliyinin nümayəndəsi Pərvin Quliyeva səhiyyə sahəsində aparılan maarifləndirmə tədbirləri və hazırlanmış metodik vəsaitlər barədə məlumat verib. Materiallarda uşaqlara qarşı zorakılığın erkən aşkarlanması və müraciət istiqamətləri əks olunub.
“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Cinayət Məcəlləsinin erkən nikahlarla bağlı maddələrinin institusional boşluqlarını, profilaktik mexanizmlərin zəifliyini və sosial reaksiya sisteminin olmamasını vurğulayıb. Əlavə edib ki, QHT və medianın rolu sistemli və uzunmüddətli deyil, layihə əsaslıdır.
ADU-nun professoru Aynur Sabitova qızların təhsilinin və maariflənməsinin cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, maariflənmiş qız gələcəyin güclü qadını, sağlam ailəsi və cəmiyyəti deməkdir. Professor həmçinin texnologiyanın sosial münasibətlərə təsirinə diqqət çəkib.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin əhəmiyyətindən, QHT-lərin və dövlət qurumlarının əməkdaşlığından danışıb. O qeyd edib ki, yerli səviyyədə fəaliyyətin gücləndirilməsi və imkansız ailələr üçün fondların yaradılması erkən nikahların qarşısını almağa kömək edə bilər.
Müstəqil jurnalist və digər media nümayəndələri erkən nikahların qarşısının alınması, qızların təhsilə cəlb olunması və sosial inkişafının təmin edilməsi üçün cəmiyyətin və medianın fəal iştirakını vurğulayıblar. Media nümayəndələri düzgün təbliğatın, ailə dəyərlərinin qorunmasının və maarifləndirmə tədbirlərinin geniş ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd ediblər.
Tədbirdə həmçinin vurğulanıb ki, maarifləndirmə fəaliyyətlərinə oğlanlar və yeniyetmələr də cəlb edilməlidir. Bu, onların gələcək valideyn kimi sağlam münasibət formalaşdırmasına və qızların qorunmasına mühüm töhfə verəcək.
Sonda Elm və Təhsil Nazirliyinin İTM jurnalının baş redaktoru Böyükağa Mikayıllı araşdırma nəticələrinə əsaslanan məqalələr üçün jurnalda yer ayrılacağını bildirib. Tədbir qarşılıqlı müzakirə ilə davam edib.
