“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Lənkəranda tədbir keçirilib
“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbiri 29 sentyabr 2025-ci il tarixində Lənkəran şəhərində 1 nömrəli tam orta məktəbdə keçirib. Tədbirdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Elnurə Abuşova tədbirin təşkilinə göstərilən dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinə, Elm və Təhsil Nazirliyinə, Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Lənkəran şəhər Mediasiya Təşkilatına təşəkkür bildirib.
Layihə rəhbəri çıxışında layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayıb. O, qızların təhsildən yayınmamasının, sosial inkişaf imkanlarının artırılmasının və erkən nikah risklərindən qorunmasının cəmiyyət üçün önəmini qeyd edib.
Elnurə xanım bildirib ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 1 avqust 2025-ci il tarixindən Agentliyin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi erkən nikahların qarşısının alınması, qızların təhsilə cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviq edilməsidir. Bu məqsədlə maarifləndirmə tədbirləri və media kampaniyası vasitəsilə fərqli sosial qruplar arasında davranış və təcrübə dəyişikliklərinin təşviqi həyata keçirilib.
Layihənin icrasının nəticəsi olaraq valideynlər, icma liderləri və cəmiyyət arasında erkən nikahın mənfi təsirlərinə dair məlumatlılığın artırılması, qızların təhsilinə dəstək verilməsinə təşəbbüs, gənc qızların öz potensiallarına inanaraq həm təhsil, həm də peşəkar bacarıqlarını inkişaf etdirməyə həvəsləndirilməsi məqsədi daşıyır.
Sonra çıxış üçün söz Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru Ramin Şükürova verilib. O, təhsilli qızların üstünlüklərindən danışaraq bildirib ki, bəzi gənc qızların arzuları başqalarının qərarları ilə tükənir. Erkən nikahlar onların təhsil yolunu yarımçıq qoyur, arzularını gerçəkləşdirməyə imkan vermir. Ramin Şükürov qeyd edib ki, hər bir qızın içində potensial, istedad və bacarıq var, lakin bunları ortaya çıxarmaq üçün zaman və dəstək lazımdır. Təəssüf ki, erkən nikahlar bu imkanları məhdudlaşdırır.
O, əlavə edib ki, Təhsil həyatın açarıdır. Təhsil alan qız yalnız özünü deyil, cəmiyyəti də inkişaf etdirir. Təhsilli qızın təsiri ailəsinə, icmasına və ölkəsinə qədər uzanır. Bu səbəbdən valideynlər, müəllimlər və cəmiyyətin bütün üzvləri qızların təhsilinə dəstək olmalıdırlar.
Daha sonra söz Lənkəran 1 saylı Mediasiya Təşkilatının Astara rayonu üzrə mediatoru Orxan İbrahimova verilib. O, şagirdlərə müraciət edərək deyib: “Əziz dostlar, gəlin vaxtımızı dəyərli işlərə sərf edək. Oxumağa, öyrənməyə, insanlara fayda verməyə çalışaq. Hər qızın təhsilə çatması onun arzularını reallaşdırması, bacarıqlarını göstərməsi deməkdir.”
O vurğulayıb ki, təhsil və vaxt birlikdə hər bir insanı güclü, bacarıqlı və müstəqil edir. “Gəlin qərar verək: qızların vaxtını və imkanlarını qoruyacağıq, onları təhsilə təşviq edəcəyik və hər birinin öz həyat kitabını yazmasına yardım edəcəyik. Çünki gələcəyin açarı bizdən başlayır.”
Sonra çıxış üçün söz Lənkəran şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar və tərbiyə işlərinin kuratoru Cəmilə Axundzadəyə verilib. O, rayonda görülən işlərdən danışaraq bildirib ki, qurumların koordinasiyalı fəaliyyəti nəticəsində qızlar erkən nikahdan uzaq durur, təhsilə və peşə bacarıqlarına üstünlük verirlər. Sevindirici haldır ki, bu tədris ilində Lənkəran məktəbliləri ən yüksək bal toplayanlar sırasındadır.
Ardınca “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Aşumova çıxış edərək erkən nikahların qızların psixologiyasına mənfi təsirlərindən danışıb. O qeyd edib ki, erkən nikaha məcbur edilən qızların çoxu uşaqkən uşaq olmağı unudur. “Bu layihə qızlara yalnız hüquqlarını öyrətmir, həm də ‘sən bacaracaqsan, sən dəyərlisən’ mesajını verir,” – deyə Kəmalə xanım əlavə edib.
Tədbirin sonunda iştirakçılar “Uşaq Qaynar Xətti” ilə canlı əlaqə yaradaraq müraciət mexanizmini əyani şəkildə müşahidə ediblər. Eyni zamanda, uşaqlar və valideynlər üçün maraqlı suallar səsləndirilib, diskussiyalar aparılıb və bütün suallar ətraflı cavablandırılıb. Görüş maarifləndirici çıxışlarla və aktual mövzular ətrafında müzakirələrlə davam edib.
