ABŞ-da ölüm cəzası alan məhbus 27 ildən sonra azad edildi
ABŞ-ın Luiziana ştatında ölüm cəzasına məhkum olunmuş və 27 il həbsdə qalmış Cimmy Dunkan işi yenidən gözdən keçirildikdən sonra 150 min dollar girov müqabilində azad edilib.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, bu, Luizianada 2016-cı ildən bəri baş verən ilk belə hadisədir.
1998-ci ildə Dunkan birinci dərəcəli qətldə ittiham olunmuşdu – o, sevgilisinin iki yaşlı qızını zorlayıb boğmaqda suçlanırdı. 2025-ci ilin aprelində məhkəmə hökmü ləğv edib, qızın təsadüfən boğulduğunu və Dunkanı günahkar göstərən sübutların elmi əsaslı olmadığını müəyyən edib. Hazırda iş üzrə araşdırmalar Luiziana Ali Məhkəməsində davam edir.
Müdafiə tərəfi Dunkanın günahsız olduğunu iddia edir. Həlak olan qızın anası da artıq onun günahına inanmır və qızının təsadüfən boğulduğunu qəbul edib. Prokurorluq isə onun günahını sübut etməyə çalışır və yenidən həbs edilməsini tələb edir.
ABŞ Ölüm Cəzası Mərkəzinin məlumatına görə, 1973-cü ildən bəri ölkədə ölüm cəzası alan 200-dən çox şəxs əfv olunub; onlardan 12-si Luizianadandır, sonuncusu 2016-cı ildə azad edilib.





