Elektron siqaretlərin qadağası ilə bağlı layihə ilk oxunuşda qəbul edildi
Milli Məclis elektron siqaretlərin istifadəsini qadağan edən qanunu ilk oxunuşda qəbul edib
Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd olunub ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məhsuldur. Bu məhsullar müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsi ilə istifadə edilə bilər. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Qeyd edilib ki, qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Bu məmulat tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət olub, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulub.
Anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə imkan verəcək.
Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində və "Reklam haqqında" qanunda dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret" və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması, vergi dərəcələrinin ləğvi və reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması daxildir.
Qanun layihəsi qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.



