Avropalıların üçdə ikisi ölkələrinin təhlükə altında olduğunu düşünür
Avropa Komissiyasının sifarişi ilə keçirilən sorğuya görə, Avropa İttifaqı (Aİ) ölkələrində iştirakçıların 68%-i ölkələrinin təhlükə altında olduğuna, 42%-i isə şəxsi təhlükəsizliklərinin risk altında olduğuna inanır.
Aİ Komissiyasının sorğusu əsasında, Münhen Təhlükəsizlik Konfransı ərəfəsində Brüsseldə yerləşən "Demoscopy" ictimai rəyi araşdırma şirkəti tərəfindən aparılan "Flash Eurobarometer 574" tədqiqatına görə, Aİ ölkələrində respondentlərin 68%-i mövcud beynəlxalq vəziyyətdə ölkələrinin təhlükə ilə üz-üzə qaldığını düşünür.
İştirakçıların 42%-i şəxsi təhlükəsizliyinin risk altında olduğunu bildirdiyi halda, ölkə bazasında təhlükə qavrayışının ən yüksək olduğu dövlətlər 80% ilə Fransa, 77% ilə Niderland və Danimarka, 75% ilə isə Almaniya olaraq sıralanır.
Müdafiə investisiyaları ilə bağlı iştirakçıların 32%-i Aİ-nin, 34%-i isə öz ölkəsinin kifayət qədər addım atmadığı qənaətindədir. Buna rəğmən, avropalıların 52%-i Aİ-nin təhlükəsizlik və müdafiəni gücləndirmə potensialına etibar edir.
Bu göstərici Aİ-nin ən böyük üç ölkəsi olan Almaniya, Fransa və İtaliyada daha aşağıdır. Almanların və italyanların 47%-i, fransızların isə 40%-i bu fikirlə razılaşmır.
"Flash Eurobarometer 574" araşdırması 5-12 yanvar 2026-cı il tarixlərində Aİ-nin 27 üzv ölkəsində təxminən 27 min nəfərlə onlayn müsahibə üsulu ilə həyata keçirilib.


