Səsini itirən musiqiçi süni intellektin köməyi ilə yenidən mahnı oxudu
Motor neyron xəstəliyi diaqnozu qoyulan və xəstəlik səbəbindən səsini itirən musiqiçi süni intellekt texnologiyası sayəsində yenidən mahnı oxumağı bacarıb.
İrlandiyanın "The Ceili House Band" xalq musiqisi qrupunun solisti, 32 yaşlı Patrik Darlinqə 29 yaşında motor neyron xəstəliyi diaqnozu qoyulub. Zaman keçdikcə xəstəlik Darlinqin mahnı oxuma qabiliyyətini əlindən alıb və gənc musiqiçi yalnız bir neçə sözü tələffüz edə biləcək vəziyyətə düşüb.
Süni intellektlə səhnəyə qayıdış
Köməkçi texnologiya vasitəsilə ünsiyyət quran Darlinq "ElevenLabs" tərəfindən hazırlanmış proqram təminatından istifadə edərək səsinin rəqəmsal nüsxəsini yaradıb. Bu texnoloji yenilik Darlinqə Londondakı canlı çıxışda qrupu ilə birlikdə yenidən səhnəyə çıxmaq imkanı verib. Sənətçi diaqnozdan sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı gündən bəri ilk dəfə qrupu ilə birgə performans sərgiləyib.
Öz səsinə qovuşdu
On dörd yaşından bəri musiqiçi və bəstəkar olduğunu bildirən Darlinq bir çox musiqi alətində ifa etməyi özü öyrəndiyini, lakin mahnı oxumağın hər zaman onun ən böyük ehtirası olduğunu ifadə edib. Xəstəlik səbəbindən mahnı oxumaq və alətdə ifa etmək qabiliyyətini tamamilə itirməsinin ona ağır təsir etdiyini deyən Darlinq, yaradılan rəqəmsal səsin öz səsinə çox bənzədiyini və bundan böyük xoşbəxtlik duyduğunu qeyd edib.
Bu texnoloji addım səsini itirən digər sənətkarlar üçün də yeni bir ümid mənbəyi kimi qiymətləndirilir.
