Zükerberq sosial media asılılığı məhkəməsində "Meta"nı müdafiə etdi



"Meta"nın baş icraçı direktoru (CEO) Mark Zükerberq rəhbərlik etdiyi şirkətin yeniyetmə istifadəçiləri hədəf aldığı iddialarına qarşı çərşənbə günü hakim qarşısına çıxıb. Los-Ancelesdə keçirilən və sosial medianın uşaqlar üçün asılılıq yaradıb-yaratmadığının müzakirə edildiyi tarixi məhkəmə prosesində Zükerberq daxili sənədlərlə dəstəklənən ittihamları rədd edib.

Zükerberq müdafiəsi zamanı vəkillərin şirkətdaxili yazışmaları təhrif olunmuş şəkildə təqdim etdiyini iddia edib. Bu məhkəmə prosesi "WhatsApp""Facebook"un da sahibi olan "Meta"ya qarşı illərdir davam edən narazılıqlardan sonra Zükerberqin münsiflər heyəti önündə verdiyi ilk ifadsi ilə diqqət çəkib.

"Google"un tərkibindəki "YouTube"un da cavabdeh qismində yer aldığı bu iş bənzər minlərlə iş üçün presedent təşkil edəcəyi baxımından yaxından izlənilir. İşdə adları keçən "TikTok""Snapchat" isə məhkəmə başlamazdan dərhal əvvəl barışıq yolunu seçsələr də, razılaşmanın şərtləri açıqlanmayıb.

Yaş həddi və daxili yazışmalar mübahisə yaratdı

"Meta" 13 yaşından kiçik istifadəçilərin platformaya girişini qadağan etdiyini və gəncləri qorumaq üçün lazımi addımlar atdığını müdafiə edir. Lakin iddiaçı vəkili Mark Lanyer məhkəməyə təqdim etdiyi e-poçt vasitəsilə şirkətdə yaş həddi qaydalarına əməl olunmaması ilə bağlı narahatlıqların dilə gətirildiyini göstərib.

"Meta"nın qlobal əlaqələr üzrə məsul şəxsi Nik Kleqq tərəfindən göndərilən e-poçtda qeyd olunur ki, yaş həddinə nəzarət edilməməsi şirkətin əlindən gələni etdiyini sübut etməsini çətinləşdirir. 2018-ci ilə aid digər bir təqdimatda isə 13 yaşından kiçik uşaqların platformada saxlanılmasına dair strategiyaların müzakirə edildiyi məlum olub.

Zükerberq bu sənədlərin kontekstdən çıxarıldığını irəli sürərək, 13 yaşaltı uşaqlar üçün nəzarətli bir versiya yaratmaq barədə müxtəlif müzakirələr apardıqlarını bildirib. Öz övladlarının da istifadə etdiyi "Messenger Kids" tətbiqini buna nümunə göstərən Zükerberq kiçikyaşlı istifadəçiləri aşkar etmək məsələsində daha sürətli irəliləyiş əldə edə bilmədikləri üçün təəssüf hissi keçirdiyini, lakin zamanla düzgün nəticəyə çatdıqlarına inandığını deyib.

Yeniyetmələrin platformada qalma müddəti prioritet olub

Məhkəmədə Zükerberqin keçmişdə rəhbər şəxslərə verdiyi tapşırıqlar da gündəmə gəlib. 2015-ci ilə aid bir yazışmada Zükerberqin platformada keçirilən vaxtın 12% artırılmasını və gənclərin istifadə trendinin dəyişdirilməsini əsas hədəf olaraq müəyyənləşdirdiyi üzə çıxıb.

2017-ci ildəki digər bir e-poçtda isə bir menecer "Mark şirkət üçün ən vacib prioritetin gənclər olduğuna qərar verdi" ifadəsini işlədib. Zükerberq şirkətin quruluşunun ilkin mərhələlərində bu cür hədəflər qoyduğunu qəbul etsə də, artıq bu prinsiplə işləmədiklərini müdafiə edib.

İfade zamanı "Instagram"ın rəhbəri Adam Mosserinin ötən həftə verdiyi bəyanatlar da xatırladılıb. Mosseri gündə 16 saat "Instagram" istifadəsinin belə təkbaşına asılılıq sübutu olmadığını iddia etmişdi. Zükerberq də bənzər yanaşma ilə bildirib ki, bir məhsul dəyərlidirsə, insanlar ondan daha çox istifadə etməyə meylli olurlar.

Dünya miqyasında sosial media məhdudiyyətləri gündəmdədir

Bir neçə həftə davam edəcəyi gözlənilən məhkəmədə şirkətin fəaliyyəti haqqında məlumatları ifşa edən keçmiş "Meta" əməkdaşlarının da ifadə verməsi gözlənilir.

Qeyd edək ki, ABŞ-da ailələr, prokurorlar və məktəb dairələri tərəfindən açılan minlərlə bənzər məhkəmə prosesi davam edir. Bu iddialarda sosial media platformalarının asılılıq yaradacaq şəkildə dizayn edildiyi və uşaqlara zərər verdiyi irəli sürülür.

Dünya miqyasında da gənclərin sosial media istifadəsi üzərində nəzarət güclənir. Avstraliya ötən ilin sonlarında 16 yaşından kiçiklər üçün sosial media qadağasını qüvvəyə mindirib. İngiltərə, Danimarka, Fransa və İspaniya isə bənzər tədbirlər üzərində işləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu