Mark Zükerberq Feyzbuk-u məhkəməyə verdi


ABŞ-da iflas işləri üzrə vəkil Mark S. Zükerberq Feyzbuk qurucusu ilə eyni ada sahib olduğu üçün sosial media hesabının dəfələrlə bağlandığını iddia edərək Meta şirkətini məhkəməyə verib.

İndianada fəaliyyət göstərən vəkil son səkkiz ildə hesabının beş dəfə bağlandığını və bunun iş itirməsinə səbəb olduğunu bildirib.

Zükerberq qeyd edib ki, Meta onu “məşhurun təqlidini etməkdə” ittiham edib, kimliyini dəfələrlə sənədlər və fotolarla təsdiqləməsinə baxmayaraq hesabı bağlanıb.

Vəkilin məhkəməyə təqdim etdiyi ərizədə Feyzbuk üzərindən verdiyi reklamların əsassız şəkildə silindiyi və bunun nəticəsində 11 min dollar zərərə uğradığı qeyd olunub.

Zükerberq öz etirazını belə ifadə edib: “Avtomobil yolunun kənarında reklam lövhəsi kirayələyirsən və pulunu ödəyirsən, amma gəlib onu örtürlər. Pulun boş yerə gedir.”

Meta iddianın qaldırılmasından sonra hesabın səhvən bağlandığını etiraf edərək yenidən açıb. Şirkət açıqlayıb: “Mark Zükerberqin hesabı səhvən bağlanıb, səbri üçün ona təşəkkür edirik. Bu vəziyyətin təkrar olmaması üçün tədbir görürük.”

Mark S. Zükerberq 38 ildir vəkil kimi çalışdığını, məşhur iş adamı Mark Elliot Zükerberqin isə o illərdə hələ uşaq olduğunu xatırladaraq deyib: “Mən Mark Stevenəm, o Mark Elliot.” Vəkil əvvəllər də eyni adı daşıdığı üçün səhvən məhkəmələrdə tərəf göstərildiyini bildirərək yaşadığı qarışıqlıqları internet saytında paylaşır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu